Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil olunub

28 dekabr 2016 | 16:00

Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində bayram tədbiri keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan bayram tədbirində aparıcılar, əlamətdar günlər münasibətilə abşeronluları rayon rəhbəri xanım İradə Gülməmmədovanın adından təbrik edərək, regionların sosial-iqtisadi inkişafından, quruculuq və abadlıq işlərinin Abşeron rayonunda da sürətlə aparılmasından danışıblar.

Həmrəylik Gününün yaranma tarixindən və onun əhəmiyyətindən, bununla bağlı ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edilib. Qeyd olunub ki, Ümummilli Liderin şəxsi təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaradıb.

Bildirilib ki, dünya azərbaycanlılarını uca amalları uğrunda mübarizədə vahid yumruq kimi görmək istəyən Ümummilli Liderimiz soydaşlarımıza dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər zaman tarixi vətənlərinə sədaqətlə xidmət etməyi tövsiyə edib.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə daha da gücləndiyi vurğulanıb.

Bayram tədbirində respublikanın tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı təqdim edilib.

Mərasim iştirakçıları üçün bayram süfrəsi də açılıb.

Sonda ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda nümayiş olunan böyük atəşfəşanlıq abşeronlular tərəfindən maraqla izlənilib.

Qeyd edək ki, 31 Dekabr və Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibəti ilə Abşeron rayonunda bayrama xüsusi hazırlıq görülüb.Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda yeni ilin atributları ilə bəzədilən əzəmətli küknar ağacı quraşdırılıb.Yeni ilin simvolları Şaxta baba və Qar qız rayon əhalisində bayram əhval ruhiyyəsi yaradır. Yüksək zövqlə bəzədilmiş Park axşamlar sanki nağıllar aləmini xatırladır.

Keçidlər